Eh… dağ hara, mən hara?..

image

Bu gün şair Abbas Abdullanın 85-ci doğum günüdür. O, bir şair taleyi yaşadı. Necə deyərlər:

“Nə böyük dərd imiş şair doğulmaq...”

Tanrı ruhunu şad, məkanını cənnət etsin!

Abbas Abdullanın poeziyasında dağ obrazı təsadüfi deyil. Azərbaycan klassik poeziyasında da dağ çox vaxt dərdin, tənhalığın və mənəvi ucalığın məkanı kimi təqdim olunub. El arasında dolaşan:

“Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı…”

misraları da bunu ifadə edir. İnsanlar çox zaman şairin içindəki ağrını yox, uzaqdan görünən səssizliyini görürlər. Halbuki dağa çəkilmək bəzən tənhalığa, dərddən sığınacaq axtarmağa çəkilməkdir. Abbas Abdullanın “Dağlar… insanlar” şeirindəki dağ obrazı da elə bu mənəvi yükü daşıyır.

Şair burada dağı yalnız təbiət obrazı kimi vermir; dağ onun poeziyasında vüqarın, daxili bütövlüyün və insan ucalığının rəmzidir. “Eh… dağ hara, mən hara?!” misrasında isə insanın özünü ideal qarşısında kiçik görməsinin ağrısı yaşayır. Bu, təkcə bir şair etirafı deyil, həm də mənəvi kamilliyə çata bilməməyin nisgilidir.

Abbas Abdulla pafosdan uzaq danışırdı. O, oxucuya hökm etmir, öz daxilindəki sualları paylaşırdı. Buna görə də onun şeirləri süni yox, yaşanmış təsir bağışlayır. “Nə deyim, qardaş…” müraciəti isə poeziyanı canlı insan söhbətinə çevirir. Şairin dili sadədir, amma bu sadəliyin içində böyük fəlsəfi qat gizlənir.

Onun poeziyasında insan xarakteri ilə təbiət arasında dərin bağlılıq var. “Dağ vüqarlı insanlar” ifadəsi həm metafora, həm də mənəvi ölçüdür. Şairə görə insanın böyüklüyü vəzifədə deyil, daxilindəki ucalıqdadır.

Şeirin sonunda gələn:

“Görəsən, dağların da paxılı varmı?”

sualı isə həm təbəssüm doğurur, həm də düşündürür. Çünki insanın olduğu yerdə zəiflik də, qısqanclıq da var. Elə buna görə istər-istəməz düşünürsən:

“Görəsən, şairlərin paxıl olmayanı varmı?!”

fikri də ədəbi mühitin dəyişməyən həqiqətlərindən biri kimi səslənir.

Abbas Abdullanın poeziyası gurultulu şüarlardan yox, daxili ləyaqətdən doğurdu. Onun şeirlərində sakit bir kədər, təmkin və mənəvi ucalıq yaşayır. Buna görə də illər keçsə də, misraları köhnəlmir — dağlar kimi qalır.

Abbas Abdulla — “Dağlar... insanlar”

Dağlara baxıram, dağlara,
Vüqarlı, ulu dağlara.
Dağ olmaq istəyirəm —
Eh... dağ hara, mən hara?!

Dağların başında yurd salan,
Dağlardan yüksəyə ucalan,
Dağ vüqarlı insanlar
Dağ deyilmi, deyirsən?

Nə deyim, qardaş,
Onu dağın özündən soraqlaş,
Onda bilərsən.

Səndən, məndən dağ olarmı?

P.S.
Görəsən, dağların da paxılı varmı?

Məhəmməd İsrafiloğlu

Mail.soydas.az

Paylaş:

Xəbər lenti